• ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • STRUKTUR
  • EKSPERT KOMİSSİYALARI
  • QANUNVERİCİLİK
    • Azərbaycan Respublikasının Konstitusiyası
    • Məhkəmə ekspertizası fəaliyyəti haqqında qununu
    • Əhalinin sağlamlığının qorunması haqqında
    • Psixiatriya yardımı haqqında
    • Narkoloji xidmət və nəzarət haqqında
    • Psixoloji yardım haqqında
    • Cinayət Məcəlləsi
    • Cinayət-Prosessual Məcəllə
    • Mülki Məcəllə
    • Mülki Prosessual Məcəllə
    • İnzibati Xətalar Məcəlləsi
  • TƏDBİRLƏR
  • BİZİMLƏ ƏLAQƏ

Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin baş direktoru Moskvada beynəlxalq elmi-praktiki konfransda iştirak edib.

18/10/2026

15–17 oktyabr 2026-cı il tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində V.P. Serbski adına Milli Tibbi Psixiatriya və Narkologiya Tədqiqat Mərkəzinin 105 illik yubileyinə həsr olunmuş “Sosial çağırışlar və transformasiyalar dövründə psixi sağlamlığın qorunması” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Konfransda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin baş direktoru, tibb üzrə fəlsəfə doktoru Tural Rzayev iştirak edib.

Beynəlxalq tədbirdə psixi sağlamlığın qorunması, psixiatriya və məhkəmə-psixiatriya ekspertizasının aktual problemləri, müasir elmi-praktiki yanaşmalar, yeni texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycanın məhkəmə-psixiatriya ekspertizasının inkişaf strategiyası təqdim edilib

Konfrans çərçivəsində Tural Rzayev “Azərbaycanda məhkəmə-psixiatriya ekspertizası: strategiya və yeni inkişaf modeli” mövzusunda elmi məruzə ilə çıxış edib.

Məruzədə Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 2025-ci il tarixli 844 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2026–2030-cu illər üçün məhkəmə ekspertizası sahəsinin inkişafı Konsepsiyası çərçivəsində ölkəmizdə məhkəmə-psixiatriya ekspertizasının təkmilləşdirilməsi istiqamətində qarşıya qoyulan əsas vəzifələr və perspektiv inkişaf modeli təqdim olunub.

Çıxış zamanı ekspertiza fəaliyyətinin təşkilati və institusional inkişafı, regional xidmətlərin əlçatanlığının artırılması, infrastrukturun müasirləşdirilməsi, rəqəmsallaşma, ekspertiza proseslərində vahid standartların tətbiqi, kadr potensialının gücləndirilməsi və müasir texnologiyalardan, o cümlədən süni intellektin imkanlarından istifadə perspektivləri diqqətə çatdırılıb.

Həmçinin regionlarda məhkəmə-psixiatriya ekspertizası xidmətlərinin genişləndirilməsi çərçivəsində Qarabağ bölgəsində müvafiq struktur bölmənin yaradılması perspektivinə toxunulub.

Azərbaycan tərəfinin elmi təşəbbüsü beynəlxalq dəyirmi masanın müzakirə mövzularına daxil edilib

Səfər çərçivəsində V.P. Serbski adına Mərkəzin rəhbərliyi və mütəxəssisləri ilə məhkəmə-psixiatriya ekspertizası sahəsində beynəlxalq elmi əməkdaşlığın inkişafı, birgə tədqiqatların aparılması və mütəxəssislər arasında təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Görüşlər zamanı Azərbaycan tərəfi “MDB ölkələrində məhkəmə psixiatriyası üzrə məlumatların müqayisəliliyi: müqayisəli tədqiqatların və ekspertiza təcrübəsinin qiymətləndirilməsinin əsası kimi minimal məlumatlar toplusu” mövzusunda birgə elmi təşəbbüs irəli sürüb.

Təklif müxtəlif ölkələrdə məhkəmə-psixiatriya ekspertizası üzrə ümumiləşdirilmiş statistik məlumatların vahid göstəricilər əsasında müqayisəli təhlilini və bunun əsasında birgə elmi tədqiqatların aparılmasını nəzərdə tutur.

Azərbaycan tərəfinin təşəbbüsü rusiyalı həmkarlar tərəfindən müsbət qarşılanaraq 2027-ci ildə Qazaxıstan Respublikasının Almata şəhərində keçirilməsi planlaşdırılan, məhkəmə psixiatriyasının aktual problemlərinə həsr olunmuş beynəlxalq dəyirmi masanın müzakirə mövzularına daxil edilib.

V.P. Serbski adına Mərkəzin professoru Andrey Anatolyeviç Tkaçenkonun təklifi ilə keçirilməsi nəzərdə tutulan tədbir çərçivəsində tərəflərin 2027-ci ildə Almatada növbəti görüşü planlaşdırılır.

Bu təşəbbüs məhkəmə-psixiatriya ekspertizası sahəsində beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, müqayisəli tədqiqatların inkişaf etdirilməsi və qabaqcıl təcrübənin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Mərkəzin baş direktoru Rusiya Federasiyasının səhiyyə nazirinin təşəkkürnaməsi ilə təltif olunub.

Konfransın əlamətdar hadisələrindən biri Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin baş direktoru Tural Rzayevin Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşkonun rəsmi təşəkkürnaməsi ilə təltif edilməsi olub.

Tural Rzayevə “Əmək fəaliyyətində əldə edilmiş nailiyyətlərə və vicdanlı əməyə görə” («За достигнутые трудовые успехи и добросовестную работу») Rusiya Federasiyasının səhiyyə nazirinin təşəkkürnaməsi təqdim edilib.

Bu təltif Mərkəzin rəhbərinin peşəkar fəaliyyətinin beynəlxalq səviyyədə qiymətləndirilməsi baxımından əlamətdar hadisədir.

Konfransda iştirak Azərbaycanın məhkəmə-psixiatriya ekspertizası sahəsində həyata keçirdiyi islahatların və strateji inkişaf istiqamətlərinin beynəlxalq elmi ictimaiyyətə təqdim edilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və beynəlxalq əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

Paylaş

Site by Unicode