Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə səhiyyə sahəsində peşəkarlığı, uzunmüddətli səmərəli fəaliyyəti və əhalinin sağlamlığının qorunmasına verdiyi töhfələrə görə bir qrup tibb işçisi dövlət təltiflərinə layiq görülüb.
Səhiyyə Nazirliyində keçirilən dövlət təltiflərinin təqdimatı zamanı səhiyyə naziri Teymur Musayev tibb işçilərini peşə bayramı münasibətilə bir daha təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra dövlət başçısının Sərəncamına əsasən tibb işçilərinə dövlət təltifləri təqdim edilib. Təltif olunanlar sırasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin yüksək dərəcəli məhkəmə-psixiatriya eksperti Əliyev Eyub Məmmədrza oğlu də yer alaraq “Tərəqqi” medalı ilə təltif olunub. Bu yüksək dövlət təltifi onun uzunmüddətli səmərəli fəaliyyəti, peşəkarlığı və məhkəmə-psixiatrik ekspertiza sahəsinin inkişafına verdiyi töhfələrin qiymətləndirilməsinin bariz nümunəsidir.
Sonda təltif olunanlar onlara göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə edərək, bundan sonra da ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması naminə məsuliyyətlə fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər.


