22-23 may 2025-ci il tarixlərində Azərbaycan Tibb Universitetində Psixiatriya kafedrasının yaranmasının 100 illiyinə həsr edilmiş “Məhkəmə psixiatriyasının aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbir Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, ATU və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin təşkilatçılığı ilə baş tutmuşdur. Tədbirdə ölkəmizlə yanaşı Rusiya, Türkiyə, Qazaxıstan, Belarus və Gürcüstandan mütəxəssislər iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra açılış nitqi ilə çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, tibb elmləri doktoru, professor Gəray Gəraybəyli bu möhtəşəm yubiley tədbirində bir əsr yaşı olan Psixiatriya kafedrasının keçdiyi şərəfli yoldan, əldə olunan uğurlardan danışıb, konfransın işinə uğurlar arzulayıb.
Daha sonra Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Nadir Zeynalov təbrik nitqi ilə çıxış edib, psixiatriyanın müxtəlif istiqamətləri arasında məhkəmə psixiatriyasını xüsusilə vurğulayıb, konfransın işinə nailiyyətlər arzulayıb.
Beynəlxalq konfransda Rusiya Federasiyası Səhiyyə Nazirliyinin “V.P.Serbski adına Milli Tibbi Tədqiqat Psixiatriya və Narkologiya Mərkəzi” Federal Dövlət Büdcə Müəssisəsinin baş direktoru, MDB-yə üzv dövlətlərin psixiatriya və narkologiya sahəsində baza təşkilatının rəhbəri, Rusiya Səhiyyə Nazirliyinin ştatdankənar baş psixiatr-narkoloqu, tibb elmləri doktoru Svetlana Şport, Türkiyə Ədliyyə Nazirliyinin Ədliyyə tibb qurumu, müşahidə və ixtisas dairəsinin rəhbəri professor Abdullah Yıldırım İbrahimoğlu, S.D.Asfendiyarov adına Qazaxıstan Dövlət Tibb Universitetinin G.İ.Zaltsman adına Psixiatriya və Narkologiya kafedrasının professoru, “Psixi sağlamlıq sahəsində işləyən mütəxəssislərin assosiasiyası” Regional İctimai Təşkilatının prezidenti, tibb elmləri doktoru Saqat Altınbekov, Belarus Respublikası dövlət məhkəmə ekspertizası komitəsinin mərkəzi аparatının məhkəmə-psixiatriya ekspertizaları baş idarəsinin rəisi, dövlət məhkəmə tibbi ekspert-psixiatrı, dosent, t.e.n. Yuri Ostyanko, Gürcüstan Ekologiya Elmləri Akademiyasının müxbir üzvü, Psixi Sağlamlıq və Narkomaniyanın Prevensiyası Mərkəzinin baş direktorunun ekspertiza və təhsil məsələləri üzrə müavini, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Psixiatriya və Tibbi Psixologiya kafedrasının tibb elmləri doktoru, professor David Zuraboviç Zurabaşvili yubileylə bağlı təbriklərini çatdırıblar.
Sonra Psixiatriya kafedrasının 100 illiyinə həsr edilmiş film nümayiş etdirilib, ATU-nun psixatriya kafedrasının professoru, Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti Nadir İsmayılov 100 il ərzində kafedraya rəhbərlik etmiş və burada yetişdirilən tanınmış alimlər haqqında ətraflı məlumat verib, konfransın işinə uğurlar diləyib.
Açılış mərasimindən sonra beynəlxalq konfrans paralel sessiyalarla işini davam etdirib. Sessiya iclasının açılış nitqi ilə çıxış edən tibb üzrə fəlsəfə doktoru, yüksək dərəcəli məhkəmə-psixiatr eksperti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin baş direktoru Tural Zülfü oğlu Rzayev ilk öncə Psixiatriya kafedrasının yubileyi ilə bağlı təbrikini çatdırıb, daha sonra Azərbaycanda məhkəmə-psixiatrik ekspertizasının tarixi və təşkili haqqında danışıb. Azərbaycandan, Rusiyadan, Türkiyədən, Qazaxıstandan, Belarus və Gürcüstandan 200-ə yaxın yerli və əcnəbi mütəxəssisin iştirak etdiyi tədbir çərçivəsində 5 elmi sessiyada məhkəmə-psixiatrik ekspertizasının təşkili ilə bağlı təqdimatlar baş tutub. İki gün davam edən konfransda 35-ə yaxın elmi məruzə dinlənilmiş, psixi pozuntular zamanı cinayət məsuliyyətinin müəyyən edilməsi, bu şəxslərin sosial müdafiəsi, psixi sağlamlıq xidmətlərinin tibbi sanitariyaya inteqrasiyası, müharibə cinayətlərinin, insanlıq əleyhinə cinayətlərin qarşısının alınmasında psixiatriyanın rolu, mülki işlərdə məhkəmə-psixiatrik ekspertizası, intiharın psixoloji aspektləri, cinayət törtəmiş qadınların kriminal-psixoloji xarakteristikası, penitensiar psixiatriya, probasiya və tibbi xarakterli məcburi müalicə tədbirləri, medianın məhkəmə psixiatriyasına təsiri və s. aktual mövzular müzakirə olunub.
Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğunun, Dövlət Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyi və qurumlarının, ATU-nun və BDU-nun əməkdaşları aktiv iştirak ediblər.